Compulsory medical insurance
İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.
İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb.1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.
Xidmətlər Zərfi
Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
- Təcili və təxirəsalınmaz tibbi yardım;
- İlkin tibbi-sanitariya yardımı;
- Ambulator xidmət;
- Stasionar xidmət;
- Funksional-diaqnostik və laborator müayinələr;
- Fizioterapevtik xidmətlər;
- Cərrahi əməliyyatlar ( o cümlədən həyati vacib, dəyəri yüksək əməliyyatlar) ;
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir.
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış ola bilərsiniz.